Rəsmi xronika
Bir təcrübənin ünvanı
2012-04-14 18:56:00

Bakı, 14 aprel (AzərTAc). Gün ərzində hər birimiz müxtəlif hadisələr və müxtəlif xarakterli insanlarla qarşılaşırıq. Onlardan yadda qalanı da olur, qalmayanı da. Diqqət yetirdiyimiz də olur, yetirmədiyimiz də.
Müasir texniki vasitələrin köməyi ilə biz gördüklərimizi fotokameraların, mobil telefonların yaddaşına köçürə bilirik. Uşaqdan tutmuş böyüyə qədər hamı bu vasitələrdən bəhrələnir. Lakin etiraf edək ki, lentə köçürdüyümüz anların foto əksi heç də həmişə uğurlu olmur və ətrafdakılar tərəfindən birmənalı qarşılanmır. Yaxud eyni yerdə və eyni vaxtda onlarla adamın çəkdiyi fotoşəkillər seyrçilər tərəfindən sadəcə olaraq “hə, nə olsun ki?” replikası ilə qarşılana bilər. Qətiyyətlə deyə bilərik ki, hər kəs fotoşəkil çəkə bilər, lakin əsl fotoqrafın gördüyünü hər kəs görə bilməz, insanlara çatdırmaq istədiyini çatdıra bilməz.
Yaşadığımız mühitdə ətrafa qeyri-adi baxış, mühüm anları, hadisələri fotoqrafiyanın dili ilə cəmiyyətə çatdırmaq, ictimaiyyətin diqqətini ona yönəltmək və nəhayət, seyrçilərin rəğbətini qazanmaq hər fotoqrafa nəsib olmur. Belələri sözün geniş mənasında həm də rəssamdırlar. Fotoqrafın qəlbinin gözü ilə çəkdiyi fotolar insanları düşündürür, təsvirdəkiləri duymağa vadar edir, onlarda emosiya yaradır.
Bu gün fotoqrafiya bəşər mədəniyyətində xüsusi yer tutur. Müstəqil Azərbaycanda peşəkar fotoqraflar var, onların işləri müxtəlif beynəlxalq müsabiqələrdə uğurla nümayiş olunur. Gənclərimiz, onlara yaradılmış şəraitdən bəhrələnərək fotoqrafiya sahəsində yaradıcı addımlarını atırlar.
Haqqında söhbət açacağımız fotoqraf zərif cinsin nümayəndəsidir. 1984-cü ildə paytaxtda dünyaya gəlmiş Sitarə İbrahimova Bakı Dövlət Universitetinin psixologiya fakültəsində təhsil almışdır. Fotoqrafiyaya maraq onu Praqa İncəsənət Akademiyasının Kinematoqrafiya və Televiziya Universitetinə (FAMU) gətirmiş və 2010-cu ildə bu təhsil müəssisəsini müvəffəqiyyətlə bitirmişdir.
Hazırda Sitarə sənədli fotoqrafiya ilə məşğul olur. Çəkdiyi şəkillərlə insanların diqqətini sosial mühitə yönəldir. Bu anda bir maraqlı məqamı qeyd etməmək mümkün deyil. Məsələ burasındadır ki, bu sənətlə məşğul olması onun ailəsində istisna haldır.
AzərTAc-a müsahibəsində ailə üzvlərinin riyaziyyatçılardan ibarət olduğunu bildirən S.İbrahimova fotoqrafiyaya marağının 15-16 yaşlarında yarandığını söyləmişdir. Sitarənin anası qızının əlindən tutaraq onu Azərbaycan Fotoqraflar Birliyinə aparmışdır. Vaxtaşırı bura gələn Sitarə tanınmış fotoqraf Sənan Ələsgərovdan bu sənətin sirlərini öyrənmişdir. İlk fotoşəkili isə müəllimi ilə birgə İçərişəhərə gedərək orada “Zenit” aparatı ilə çəkmişdir. Qızın qaçışının əks olunduğu bu şəkil vaxtilə fransız fotoqrafının yaratdığı fotoya uyğun (işığın düşməsi baxımından) tərzdə çəkilmişdir.
Gənc qız fotoqrafiyanın incəliklərini və gözəlliyini, görkəmli fotoqrafların əsərlərini müşahidə etdikcə bu sənətə bağlandığını duymuş və öz üzərində ciddi işləmək qərarına gəlmişdir. Elə bu zaman Bakıda məşhur çex fotoqrafı Yozef Kudelkanın sərgisi keçirilmişdir. Sonralar isə şəhərimizdə keçirilən foto sərgiləri və bununla bağlı tədbirləri müntəzəm izləyən Sitarə Praqada FAMU-da təhsil almaq qərarına gəlmişdir. Qeyd edək ki, bu təhsil müəssisəsi Avropanın beş qədim kino məktəblərindən biridir. Bu məktəbi çex kinosunu dünyada tanıdan Miloş Forman, Vera Xitilova, Yan Şpata, Aqneşka Holland, İrji Mentsel, İvan Passer, Yan Sverak kimi sənətkarlar bitirmişlər.
Sitarənin ilk vaxtlarda çəkdiyi “Ana”, qaçqınlar, Gürcüstanda, Dağıstanda yaşayan azərbaycanlılarla bağlı fotoşəkillər onun istedadından xəbər verir. Konkret anların əksi olan bu fotolar eyni zamanda təsvir obyektindəki insanların səciyyəvi cizgilərini də seyrçiyə çatdırır.
S.İbrahimovanın psixologiyaya dair nəzəri bilikləri, oxuduğu kitablar fotolarını çəkdiyi insanlarla ünsiyyət qurmasında, onları duymasında köməyinə gəlir. Bu zərif qız sənədləşdirdiyi anlarla birgə hiss və emosiyaları da məharətlə çatdırır. Ən gözəl emosiyaları isə özünün dediyi kimi, Bakıda yaradıcı dostlarından alır.
Sitarə gördüklərini fotoqrafiyanın “dili” vasitəsilə ətrafdakılarla müvəffəqiyyətlə bölüşür. Təsadüfi deyildir ki, ölkəmizdə və xaricdə bir sıra sərgilərdə uğurla iştirak etmiş, Çex Respublikasında onun yaddaqalan fərdi sərgisi keçirilmişdir.
Gənc fotoqraf üçün Bakıda, Azərbaycanda fotolar çəkmək çox maraqlıdır. Özü demişkən, burada fotoşəkil çəkməmək günahdır. Onun işləri orijinallığı ilə dərhal seçilir. Seriyalar daxilində çəkdiyi fotoşəkillərdə müəyyən sosial məsələlər qaldırır. Fotoqrafiya Sitarə İbrahimova üçün özünüifadə vasitəsi, onu narahat edən məsələlərə yanaşma tərzidir. O, qadın koloniyalarından müəyyən anları, Qarabağda itkin düşmüş adamlara məxsus əşyaları fotoaparatın yaddaşına köçürərkən cəmiyyətin diqqətini bu problemlərə yönəltməyə çalışmışdır. Gözəlliyin fonunda insanların bunlara da diqqət yetirməsini arzulayır. Sitarənin fikrincə, fotokameranın yaddaşına köçürülən anlar gələcək nəsillərə xalqımızın tarixini təqdim edir. Onlarda sevgi dolu anlar da əks oluna bilər, müharibənin dəhşətləri də.
Gənc fotoqraf hazırda konkret layihələr üzərində işləyir. Son layihələrdən biri “012 Bakı Public Art festivalı”nda nümayiş olunan “Əhalinin qeydiyyata alınması”dır.
Sitarə fotoqrafiyanın tarixi, müasir durumu, dünya fotoqrafları haqqında əhatəli biliyə malikdir. Onun fikrincə, Azərbaycanın fotoqrafiya tarixində adları qalacaq mütəxəssislər çoxdur. Məşğul olduğu sənəti böyük məhəbbətlə sevən bu xanım dünya ölkələrinin fotoqraflarının işlərini də diqqətlə izləyir. İlbəil baxışları dəyişdikcə, fotoəsərlərə münasibəti də dəyişir. Hazırda isə o, özünün dediyi kimi, fransız fotoqrafı, “Magnum photos” birliyinin fotoqrafı Antuan D’aqatanın vurğunudur.
Gənc fotoqraf həmyaşıdlarından sənədli fotoqrafiya ilə məşğul olan Təhminə Əhmədova, İlkin Hüseynov, rəssam və fotoqraf Nəzrin Məmmədova, dünyada məşhur azərbaycanlı fotoqraflardan biri olan Rəna Əfəndinin işlərini yüksək qiymətləndirir.
Sitarə bu sənətə yeni qədəm qoyanlara ilk növbədə düzgün seçim etdiklərinə əmin olmağı, yalnız bundan sonra fotoqrafiyanın tarixi, klassikası, dünya fotoqrafiyası ilə tanışlığı, sərgilərə getməyi tövsiyə edir. İstedad isə bu və ya digər şəkildə özünü büruzə verəcəkdir.
Sitarənin fotoqrafiyanın texniki imkanlarına münasibəti də maraqlıdır. Özü plyonkada çəkən bu xanım üçün əsas şərt gerçəkliyə yaradıcı baxışdır. Həmçinin fotoqraf lazım olan vaxtda lazım olan yerdə olmalıdır. Bütün bunların qovuşduğu təqdirdə uğurlu nəticəni əldə etmək olar. Eyni zamanda heç vaxt onu da unutmur ki, fotoqrafın uğur qazandığını və ya qazanmadığını onun özü deyil, tamaşaçılar müəyyənləşdirir.
Hazırda isə Sitarə İbrahimova Berlinin məşhur qalereyasında təcrübə keçir. Təcrübə gənc layihə menecerləri üçündür. Özünün dediyinə görə, növbəti ilin əvvəlində isə Bakıda birgə əlaqələrinin nəticəsi kimi sərginin açılması nəzərdə tutulmuşdur.
Son olaraq belə bir fikri tam əminliklə söyləyə bilərəm ki, mənim bu qeydlərimin qəhrəmanı, fotoqrafiyaya yaradıcı yanaşan Sitarə İbrahimova həqiqətən də sevib-seçdiyi sənətin vurğunudur. Sənə vurğunu olduğun sənətində daha böyük uğurlara imza atmağı arzulayırıq, Sitarə!

Gözəl Ağayeva
AzərTAc-ın müxbiri

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.