Rəsmi xronika
Romada “Baku” jurnalının təqdimat mərasimi olmuşdur
2012-04-21 11:37:00

Roma, 21 aprel (AzərTAc). Aprelin 20-də İtaliyanın paytaxtı Romada “Baku” jurnalının təqdimat mərasimi olmuşdur.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, jurnalın təsisçisi və baş redaktoru Leyla Əliyeva tədbirdə iştirak etmişlər.
“Baku” jurnalının ingilisdilli versiyası ölkəmizi Avropada daha yaxından tanıtmaq baxımından mühüm əhəmiyyətə malikdir. Jurnal avropalı oxucuları qədim Odlar Yurdunun zəngin tarixi, mədəniyyəti, incəsənəti, gözəl ənənələri və mətbəxi ilə məhz ingilis dilində tanış edir. Bundan başqa, jurnalda Azərbaycanın müasir inkişafı və beynəlxalq aləmdəki nüfuzlu rolu, ölkəmizdə həyata keçirilən mühüm layihələr, geniş turizm imkanları və azərbaycanlıların müasir həyat tərzi, xalqımızın gözəl xüsusiyyətləri də ingilisdilli oxuculara təqdim olunur.
Jurnalın səhifələrində bədii foto sahəsində tanınmış ustaların işləri yer almışdır. Bu isə heç şübhəsiz ki, dərgiyə olan marağı daha da artırır.
Nəşrə 2007-ci ildə Moskvada rus dilində başlayan “Baku” jurnalı artıq beynəlxalq aləmdə kifayət qədər tanınan və böyük reytinqə malik mətbu orqana çevrilmişdir. Bundan əvvəl Moskvada və Londonda təqdimat mərasimləri keçirilən jurnalın ingilisdilli versiyası indi Avropada kifayət qədər geniş oxucu auditoriyasına malikdir.
Romada “Baku” jurnalının təqdimat mərasimini İtaliyanın tanınmış teleaparıcısı Massimo Ginni açaraq Azərbaycanın malik olduğu mədəni dəyərlər haqqında qonaqlara məlumat vermişdir.
Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti barədə danışan Massimo Ginni vurğulamışdır ki, Şərq ilə Qərbin qovuşduğu məkanda yerləşən Azərbaycan bu gün dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platforması qismində çıxış edir.
Son dövrlərdə İtaliyada Azərbaycan ilə bağlı bir çox tədbirlər keçirilir. Bu isə Azərbaycanın İtaliyada daha yaxşı tanıdılmasına xidmət edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva mərasimdə çıxış etmişdir.
“Baku” jurnalını qədim Roma şəhərində təqdim etməkdən məmnunluq ifadə edən Leyla Əliyeva bildirmişdir ki, jurnalı təsis edərkən əsas məqsədi beynəlxalq miqyaslı dərgi hazırlamaq olmuşdur.
Ötən ildən ingilis dilində nəşr olunmağa başlayan jurnalın hazırda Roma, Paris, Berlin və Nyu-Yorkda yayıldığını qeyd edən Leyla xanım Əliyeva demişdir ki, “Baku”da Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti və adət-ənənələri, həmçinin müxtəlif sənət adamları haqqında məlumat verilir.
“Biz çox çalışırıq ki, bu dərgi italyan oxucularının da ürəyincə olsun”, - deyən Heydər Əliyev Fondunun vitse-prezidenti italiyalılara ölkəmiz haqqında da ətraflı məlumat vermişdir.
Leyla xanım Əliyeva bildirmişdir ki, Azərbaycan kifayət qədər gənc ölkədir. Bu yaxınlarda ölkəmiz müstəqilliyinin bərpa olunmasının 20 illiyini qeyd etmişdir. Lakin bununla bərabər ölkəmizin çox qədim tarixi vardır. Müsəlman şərqində ilk dəfə Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilmişdir.
Azərbaycanda 1901-ci ildə müsəlman qızlar üçün məktəbin açıldığını və Şərqdə ilk opera və baletin məhz ölkəmizdə yarandığını vurğulayan Leyla xanım Əliyeva demişdir: “Azərbaycanın olduqca zəngin mədəni irsi və çox qədim tarixi vardır. Azərbaycanın paytaxtı Bakı özündə təkcə qədim Qız qalasında və Qobustan qayaüstü rəsmlərdə əksini tapan köhnə ilə yenini birləşdirmir, həmçinin Şərq ilə Qərbi, XX əsrin əvvəllərinin neft bumu dövrünə aid fransız şəhərsalma mədəniyyətini özündə təcəssüm etdirir.
Düşünürəm ki, ölkəmiz hər zaman açıq fikirliliyi və tolerantlığı ilə tanınmışdır. Ölkəmizdə hər zaman mədəniyyətlər, dinlər və adət-ənənələr biri-birinə qovuşmuşdur. Ümid edirəm ki, Heydər Əliyev Fondu tərəfindən Romada təşkil edilən Azərbaycan Mədəniyyəti Günləri italyan xalqına ölkəmizi daha yaxından tanımaq imkanı yaradır”.
Leyla xanım Əliyeva Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti barədə də məlumat vermişdir. Bildirmişdir ki, Fond Azərbaycan mədəniyyətinin xaricdə təbliğ edilməsi sahəsində böyük işlər görür və UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlar ilə səmərəli əməkdaşlıq edir. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, sosial sahələrdə iri layihələr həyata keçirir.
Fondun ən vacib fəaliyyət istiqamətlərindən biri də Azərbaycanda və regionda ekoloji sağlamlığın mühafizəsi və qorunmasıdır. Bu məqsədlə Ətraf Mühitin Qorunması üzrə Beynəlxalq Dialoq Təşəbbüsünü irəli sürdüyünü deyən Leyla xanım Əliyeva bu il Azərbaycanın “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi edəcəyini bildirmiş və bütün qonaqları ölkəmizə dəvət etmişdir.
Mərasim Azərbaycan incəsənət ustalarının çıxışı ilə davam etmişdir.

 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.