Rəsmi xronika
İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin başa çatması ilə bağlı mərasim olmuşdur
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir
2012-04-22 11:44:00

Bakı, 21 aprel (AzərTAc). Xüsusi müxbirimizin xəbər verdiyi kimi, aprelin 21-də İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin başa çatması ilə bağlı paytaxt Romadakı “Auditorium della Musika” konsert kompleksində mərasim olmuşdur.
Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, ölkəmizin İtaliyadakı səfirliyinin və Roma şəhər meriyasının dəstəyi ilə keçirilən mərasimdə birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər.
Əvvəlcə burada Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Roma şəhərinin meri Canni Alemanno ilə görüşmüşdür.
Roma meri Azərbaycanın birinci xanımını İtaliya paytaxtında görməkdən şad olduğunu bildirmişdir. Canni Alemanno Mehriban xanım Əliyevanın fəaliyyəti barədə məlumatlı olduğunu demiş, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafının əhəmiyyətinə toxunmuşdur. Mer Bakı ilə Roma arasında yeni açılmış təyyarə reysinin ona Azərbaycan paytaxtını görmək üçün fürsət yaradacağını vurğulamışdır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Romada dahi Nizami Gəncəvinin abidəsinin ucaldılmasına verdiyi dəstəyə görə Canni Alemannoya təşəkkürünü bildirmişdir. İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsindən məmnunluq ifadə edən birinci xanım bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.
Roma şəhərinin meri Canni Alemanno Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya xatirə hədiyyələri təqdim etmişdir.

 

X X X

İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin başa çatması ilə bağlı təşkil olunan mərasimin aparıcısı ölkəmiz, onun tarixi, mədəniyyəti barədə ətraflı məlumat vermişdir.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov mədəniyyət günlərinin yüksək səviyyədə keçdiyini bildirmişdir. Diplomat qədim tarixə malik Azərbaycan-İtaliya əlaqələrinin bu gün də uğurla inkişaf etdiyini, İtaliyanın ölkəmizin ən böyük ticarət tərəfdaşlarından biri olduğunu diqqətə çatdırmışdır. Ölkələrimiz arasında humanitar əlaqələrin əhəmiyyətinə toxunan səfir mədəniyyət günlərinin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacağını vurğulamışdır.
Mərasimdə çıxış edən Roma şəhərinin meri Canni Alemanno da qədim tarixə söykənən Azərbaycan-İtaliya əlaqələrinin inkişafı ilə bağlı son dövrlərdə atılan addımların əhəmiyyətindən danışmışdır. Mer dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Romada ucaldılan abidəsinin ölkələrimiz arasındakı mədəni əməkdaşlığa mühüm töhfə olduğunu vurğulamışdır.
Sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edilmişdir.
Konsertin ilk nömrəsi Xalq Artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət rəqs ansamblının ifasında “Cəngi” rəqsi olmuşdur.
Sonra mərasimin iştirakçıları Azərbaycanın biri-birindən maraqlı musiqi nömrələrini dinləmiş, rəqslərinə tamaşa etmişlər.
İtaliyada Azərbaycan Mədəniyyəti Günləri aprelin 16-da Turin şəhərinin italiyalıların qürur mənbəyi sayılan möhtəşəm Kariniano Teatrında start götürmüşdür. Daha sonra Milan və Venesiya şəhərlərində keçirilən mədəniyyət tədbirlərinə paytaxt Romada yekun vurulmuşdur.
İtaliyada keçirilən tədbirlər bir daha sübut etmişdir ki, mədəniyyətlərarası dialoq platformasının yaradılmasında strateji məkan funksiyasını həyata keçirən ölkəmiz artıq mədəni dəyərləri, zəngin musiqisi ilə dünyanın diqqətini çəkir. Milli mədəniyyətimizin daha geniş coğrafiyada təbliği işində Heydər Əliyev Fondunun, onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük xidmətləri vardır.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.