Rəsmi xronika
“Afrikada münaqişələrin qarşısının alınması, əvvəlcədən xəbərdarlıq və cavab sistemlərinin rolu” mövzusunda “dəyirmi masa” keçirilmişdir
2012-04-28 06:39:00

Bakı, 28 aprel (AzərTAc). Aprelin 27-də Azərbaycan Respublikasının və Cənubi Afrika Respublikasının BMT yanında daimi nümayəndəlikləri Beynəlxalq Sülh İnstitutu ilə birgə “Afrikada münaqişələrin qarşısının alınması, əvvəlcədən xəbərdarlıq və cavab sistemlərinin rolu” mövzusunda “dəyirmi masa” keçirmişlər.
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, tədbirin məqsədi Afrika bölgəsində münaqişəyə səbəb ola biləcək hadisələrin əvvəlcədən qiymətləndirilməsi sistemlərinin gücləndirilməsi üçün lazımi tədbirləri nəzərdən keçirmək olmuşdur.
Tədbirdə daimi nümayəndəliklərin və Beynəlxalq Sülh İnstitutunun, BMT, Afrika İttifaqı və Əddis-Əbəbədə fəaliyyət göstərən təhlükəsizlik üzrə təhqiqat institutunun əməkdaşları iştirak etmişlər.
Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin rəhbəri səfir Aqşin Mehdiyev çıxış edərək ölkəmizin Afrika İttifaqı və bu təşkilata üzv dövlətlər ilə əməkdaşlığın inkişafı və Afrikada humanitar böhranların aradan qaldırılması üçün müvafiq yardımların nəzərdən keçirilməsi istiqamətində səylərini davam etdirdiyini bildirmişdir.
A.Mehdiyev Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən ölkə kimi Azərbaycanın münaqişələrin qarşısının alınmasının və tez bir zamanda həll edilməsinin vacibliyini yaxşı başa düşdüyünü, Afrika dövlətlərini narahat edən məsələlərin və qarşılaşdıqları təhdidlərin aradan qaldırılmasına xüsusi diqqət yetirdiyini vurğulamışdır. O, beynəlxalq ictimaiyyətin bu problemlərə diqqətinin cəlb olunması üçün səylərin davam etdiriləcəyini vurğulamışdır.
Səfir onu da bildirmişdir ki, Afrika ölkələri ilə qarşılıqlı maraq kəsb edən münasibətlərin gücləndirilməsi, uzunmüddətli əməkdaşlığın əsasının qoyulması və bu regionda təmsilçiliyimizin təmin edilməsi məqsədi ilə Azərbaycan Afrika İttifaqında müşahidəçi statusunu əldə etmiş və Cənubi Afrika Respublikasında səfirliyini açmışdır.
Tədbirin sonunda səylərin birləşdirilməsi və potensialın gücləndirilməsinin vacibliyi qeyd olunmuş, müzakirələr zamanı qaldırılan məsələlərin gündəmdə saxlanılması tövsiyə edilmişdir.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.