Rəsmi xronika
Fuad Ələsgərov: Bu gün Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir
2012-05-02 20:48:00

Bakı, 2 may (AzərTAc). Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Eurovision-2012” mahnı müsabiqəsinin boykot edilməsi barədə son bəyanatları şərh etmişdir.
- Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü Kristof Ştrasser və AFR hökumətinin İnsan hüquqları və humanitar yardım üzrə Komissarı Markus Löninq bu il mayın axırlarında Azərbaycanda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsini, guya bizim ölkədə insan hüquqları pozulması ilə əlaqədar, boykot etməyə çağırmışlar. Siz bu barədə nə fikirləşirsiniz?
- Belə hesab edirəm ki, hər hansı ölkədə vəziyyət barədə məruzə hazırlamaq niyyətində olan və bu halda həmin ölkəyə baş çəkməkdən imtina edən, Azərbaycanda demokratik təsisatların inkişafı prosesinə açıq-aşkar qərəzli mövqedən yanaşan siyasətçi əvvəlcə öz vətənində vəziyyətə baxsaydı, yaxşı olardı.
Bir sıra məsələlər barədə Azərbaycanın hakim dairələrini mütəmadi tənqid edən Markus Löninqə gəldikdə isə, insan hüquqları üzrə komissarın (ombudsmanın) Almaniya Xarici İşlər Nazirliyinin tərkibinə daxil olması faktı onun mövqeyinin mütləq mənada müstəqil və qərəzsiz olmasına çətin ki, dəlalət edə bilər.
Bundestaqın deputatı və Avropa İttifaqının lideri roluna iddia edən Almaniya Federativ Respublikasının İnsan hüquqları üzrə Komissarı, ilk növbədə, öz ölkəsində insan hüquqlarının müdafiəsi ilə məşğul olmalıdır. Halbuki orada bu sahədə problemlər, gördüyümüz kimi, az deyildir.
Bu günə qədər Almaniya hökuməti İnsan Hüquqlarına dair Avropa Konvensiyasının müddəalarının pozulması ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinin 97 qərarını yerinə yetirməmişdir. Həmin qərarlar sırasında, məsələn, məhkəmədə işə həddən artıq uzun müddət baxılması səbəbindən İnsan Hüquqlarına dair Avropa Konvensiyasının 6-cı maddəsinin pozulması ilə əlaqədar 2003-cü il tarixli qərarı vardır. AFR hökuməti həmin qərarın icra edilməsi üçün indiyə qədər ümumi xarakterli tədbirlər görməmişdir.
Bundan əlavə, Avropa Məhkəməsinin son verdiktlərindən biri Şvabe və başqalarının işinə dair qərardır. Bu iş üzrə ərizəçilər onların maşınında siyasi məhbusların azad edilməsi barədə tələblər yazılmış plakatlar aşkar edilməsi ilə əlaqədar, aydın olmayan şübhələr əsasında, hələ nəzərdə tutulan protest aksiyası keçirilənə qədər beş günlüyə saxlanılmışlar. Bu halda məhkəmə ərizəçilərin toplaşmaq azadlığı hüququnun pozulmasını etiraf etmişdir.
Dünən isə Berlində solçu gənclər hərəkatlarının Bir May aksiyaları keçirilmişdir. İnformasiya agentliklərinin verdiyi məlumatlara görə, saxlanılanlar və yaralananlar vardır, lakin onların dəqiq sayı məlum deyildir. Küçələr polis tərəfindən mühasirəyə alınmışdır, yol ayrıclarında çoxlu polis maşınları, təcili yardım karetaları vardır, şəhərə helikopterlər vasitəsilə patrul nəzarəti edilir.
Xəbər verilir ki, təşkilatçılar yürüşə Berlinin ucqar rayonlarının birində başlamışlar və onu şəhərin mərkəzində başa çatdırmağı planlaşdırırdılar, lakin polis bunu etməyə imkan verməmişdir.
Yadımdadır, keçən il Azərbaycanda radikal müxalifətin nümayəndələri Bakının mərkəzində ictimai qaydanın pozulmasına, vətəndaşlara və təşkilatlara ziyan vurulmasına səbəb olmuş razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərəndə beynəlxalq təşkilatlar və Bakıda akkreditə edilmiş diplomatlar Azərbaycan hökumətinin ünvanına tənqidi çıxışlar etmişdi. Maraqlıdır, Berlində iğtişaşlar barəsində də bu cür tənqidi rəylər eşidəcəyikmi?!
Hazırda Almaniyada millətçilik və ksenofobiya əhvalının güclənməsi müşahidə olunur. Bununla bərabər, əyalət və federal səviyyəli hakimiyyət orqanları bu prosesə o qədər də müqavimət göstərmirlər. Bu gün zahiri görkəmindən avropalıya oxşamayan əcnəbinin Berlin küçələrində gəzməsi təhlükəlidir.
Bakı isə bu gün dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. “Eurovision-2012” mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand da yaxın vaxtlarda bunu təsdiq etmişdir. O etiraf etmişdir ki, Bakı tamamilə təhlükəsiz şəhərdir.
Azərbaycan “Eurovision-2012” mahnı müsabiqəsini qəbul etməyə və bütün dünyaya göstərməyə hazırdır ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etməsinə, çoxlu sayda qaçqınlara və məcburi köçkünlərə, ölkəmizin ətrafında gedən siyasi oyunlara baxmayaraq, biz irəliləyirik və yaxın gələcəkdə inkişafın bütün istiqamətləri üzrə qabaqcıl ölkələr sırasına daxil olacağıq.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.