Rəsmi xronika
“Göyçay şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” pilot layihəsinin icrası başa çatmışdır
2013-06-14 19:48:00

Göyçay, 14 iyun (AzərTAc). Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində həyata keçirilən “Göyçay şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsinin icrası başa çatmışdır. 
AzərTAc xəbər verir ki, iyunun 14-də Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Hervord və başqaları pilot layihə əsasında Göyçay şəhərindəki 6 nömrəli məktəbdə və internat məktəbində inşa edilən müasir sanitar qovşaqla tanış olmuş, orada müəllim və şagirdlər üçün yaradılmış şəraitlə maraqlanmışlar.
Mərasimdə layihə barədə geniş məlumat verilərək bildirilmişdir ki, “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq Göyçay şəhərindəki 6 nömrəli orta məktəbdə və internat məktəbində müasir standartlara cavab verən yeni sanitar qovşağı tikməklə müəllim və şagirdlər üçün gigiyenik şərait xeyli yaxşılaşdırılmışdır.
Məlumat verilmişdir ki, bu məktəblərdə sanitar-gigiyenik şəraitin yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətlərin həyata keçirilməsinə çox böyük ehtiyac var idi. Bu ilin fevralından icrasına başlanılan layihə çərçivəsində həmin təhsil ocaqlarında müasir sanitar-gigiyenik standartlara cavab verən sanitar qovşaqlar və hamam tikilmiş, onlar davamlı olaraq isti və soyuq su ilə təmin olunmuş, uşaqların bu sahədə maarifləndirilməsi üçün görüşlər keçirilmiş, məlumat kitabçaları paylanılmış, fiziki qüsurlu şagirdlər üçün zəruri şərait yaradılmışdır. Ümumilikdə 806 şagird və 306 müəllim məktəbdə onlar üçün yaradılan şəraitdən bəhrələnəcəkdir.
Bu, Yaponiya səfirliyinin, BMT-nin Uşaq Fondunun, valideyn-müəllim assosiasiyalarının birgə həyata keçirdikləri pilot layihədir. Ümumi dəyəri 123 min 342 dollar olan bu sınaq layihənin uğurundan asılı olaraq gələcəkdə Azərbaycanın digər rayonlarında da bu cür işlərin həyata keçirilməsi planlaşdırılır.
Tədbirdə məlumat verilmişdir ki, Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində bu günədək Göyçay rayonunda sel və daşqınların nəticələrinin aradan qaldırılması, şəhərin su təchizatı sisteminin yaxşılaşdırılması, Alpoud kənd məktəbi üçün yeni binanın tikintisi, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının inzibati binasının əsaslı təmiri və məktəblərin gigiyenik şəraitinin yaxşılaşdırılması üçün, ümumilikdə, 444 min 203 dollar vəsait ayrılmışdır.

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.