Mədəniyyət
Bakıda əlilliyi olan gənclərin “Şərq nağılı” birinci Beynəlxalq yaradıcılıq festivalı başlamışdır-A +A
2013-09-11 12:18:00
11.09.2013 [12:18]

Bakıda əlilliyi olan gənclərin “Şərq nağılı” birinci Beynəlxalq yaradıcılıq festivalı başlamışdır

Sentyabrın 11-də “Mariott-Abşeron” otelində əlilliyi olan gənclərin “Şərq nağılı” birinci Beynəlxalq yaradıcılıq festivalı başlamışdır. AzərTAc xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş festival Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi

Bakı, 11 sentyabr (AzərTAc). Sentyabrın 11-də “Mariott-Abşeron” otelində əlilliyi olan gənclərin “Şərq nağılı” birinci Beynəlxalq yaradıcılıq festivalı başlamışdır.
AzərTAc xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş festival Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi, “Dan” Beynəlmiləlçi Gənclər, “Müşfiq” Əlil Uşaqlara Yardım və “Müstəqil Həyat” Dəstək və İnkişaf Mərkəzi İctimai birliklərinin təşkilati dəstəyi ilə reallaşmışdır.
Əvvəlcə festival iştirakçıları ümummilli lider Heydər Əliyevin uşaqlara, gənclərə və əlillərə qayğısından bəhs edən videoçarxa baxmışlar.
Tədbirin açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək bildirilmişdir ki, festivalın əsas məqsədi əlilliyi olan istedadlı gənclərin yaradıcılıq bacarıqlarının reallaşdırılmasının dəstəklənməsi, ictimaiyyətin diqqətinin humanizm ideyalarına, mədəni dəyərlərə və əlilliyi olan gənclərin yaradıcılığına cəlb edilməsindən ibarətdir.
Vurğulanmışdır ki, Azərbaycanda əhalinin bütün kateqoriyaları kimi, gənclərə, xüsusilə əlil gənclərə də xüsusi diqqət və qayğı göstərilir. Gənc əlillərin mədəni həyatda iştirakı, onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə daim müxtəlif layihələr həyata keçirilir.
Diqqətə çatdırılmışdır ki, Bakıda keçirilən festivala 7 ölkədən 150-dən artıq əlil gənc qatılmışdır. İştirakçı dövlətlərdən gəlmiş 14 kollektiv tərəfindən festivalda mahnı, rəqs, teatr və instrumental musiqidən ibarət proqramlar nümayiş olunacaqdır. Festival çərçivəsində əlilliyi olan gənclərlə işləyən yerli təşkilatlar və fərdi təlimçilər üçün xarici ekspertlərin ustad dərsləri təşkil ediləcəkdir.
Xüsusi qeyd etmək lazımdır ki, festival ərəfəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və UNİCEF tərəfindən 20 nəfər qaçqın, məcburi köçkün və əlilliyi olan gənclər üçün xarici ekspert tərəfindən fotoqrafiya üzrə 5 günlük təlimlər başlanmışdır. Təlimlər nəticəsində iştirakçıların çəkdikləri və ekspert tərəfindən seçilmiş fotoşəkillər festivalın bağlanış mərasimi və qala-konsertin keçirildiyi Heydər Əliyev Sarayında təşkil olunacaq sərgidə nümayiş etdiriləcəkdir.
Bildirilmişdir ki, festivalın iştirakçıları üçün zəngin elmi-mədəni proqram hazırlanmışdır. Onların iştirakı ilə Milli Məclisdə “dəyirmi masa”, Qala və Atəşgah arxeoloji-etnoqrafiya muzeylərinə səfərlər, Qara Qarayevin “Yeddi gözəl” baleti, şəhər və dəniz gəzintisi reallaşdırılacaqdır.
Tədbirdə Moskva Humanitar-İqtisadiyyat İnstitutunun rektoru Vaqif Bayramov, Rusiya Dövlət Dumasının deputatı Oleq Smolin və başqaları çıxış edərək festivalın işinə uğurlar arzulamışlar.
Tədbir musiqi proqramı ilə davam etmişdir.
Festivala sentyabrın 13-də yekun vurulacaqdır.

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.